Ölkənin standartlaşdırma üzrə milli qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə 13 dekabr 2018-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanda turizm xidmətlərinin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması” mövzusunda elmi-praktiki seminar keçirilmişdir. Seminarda Azərbaycan Standartlaşdırma İnstitutunun məsul əməkdaşları, Universitetin “Standartlaşdırma və sertifikasiya”, “İstehlak mallarının ekspertizası” kafedralarının professor-müəllim heyəti, “Əmtəəşünaslıq” fakültəsinin tələbələri iştirak etmişdir.
Tədbirdə UNEC-in “Ekspertiza və standartlaşdırma” fakültəsinin dekanı Tofiq Osmanov seminarı giriş nitqi ilə açaraq seminar iştirkaçılarını salamladı, sözü Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru professor Namiq Tağıyevə verdi. N.Tağıyev çıxışında Cənab Prezident tərəfindən ölkəmizdə keyfiyyət infrastrukturu sahəsində aparılan instusional və hüquqi islahatlar və bu sferanın beynəlxalq praktikaya uyğun inkişaf etdirilməsi baxımından “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin əhəmiyyəti haqda məlumat verdi və milli standartlaşdırma orqanının qarşısında duran konkret vəzifələrdən danışdı. Ölkəmizdə qeyri-neft sektorunun ən vacib sahələrindən olan turizmin inkişaf etdirilməsi, turizm potensialnının artırılması və turizm ehtiyatlarından səmərəli istifadə edilməsi üçün bu sahədə mövcud milli standartların beynəlxalq tələblərə uyğunlaşdırlmasının və müasir beynəlxalq standartların tətbiqinin vacibliyini vurğuladı.
Seminarda çıxış edən İnstitutun Uyğunluğun qiymətləndirilməsi departamentinin regional direktoru Bəhram Yaqubov, UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru prof. Zahid Məmmədov, “Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri Zabit Aslanov, prof. Məmmədəli Nuriyev, dos.İlham Seydəliyev, prof.Əli Həsənov və başqa natiqlər Azərbaycanda turizm xidmətlərinin təşkilinin normativ təminatı, xidmətlərin sertifikatlaşdırılması, bu sahənin perspektiv məsələləri haqqında məlumat verdilər. Seminarda müəllim və tələbələrin sualları cavablandırıldı.
Tədbirin sonunda Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə “Standart” elmi jurnalının nəşri, birgə tədris vəsaitlərinin hazırlanması, mütəmadi əsasda elmi-praktik seminarların keçirilməsi və UNEC və AZSTAND arasında əməkdaşlıq haqqında memorandumun imzalanması qərara alındı.