Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən AZS 889:2021 (ISO 39001:2012) “Yol hərəkəti təhlükəsizliyinin (YHT) idarəetmə sistemləri. Tələblər və tətbiqinə dair göstərişlər” dövlət standartı qəbul olunmuşdur.
Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması, yol-nəqliyyat hadisələrinin sayının və onlar nəticəsində vurulan zərərin həcminin azaldılması üçün intensiv, sistemli və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac vardır.
Ölkə Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.1.5.1 yarımbəndinin icrasından irəli gələrək Daxili İşlər Nazirliyi tərəfindən işlənib hazırlanmış, “Yol hərəkətinin təhlükəsizliyinə dair idarəetmə sistemi üzrə dövlət texniki reqlamentləri”nin əsas tərkib hissəsi hesab edilən AZS 889:2021 (ISO 39001:2012) “Yol hərəkəti təhlükəsizliyinin (YHT) idarəetmə sistemləri. Tələblər və tətbiqinə dair göstərişlər” dövlət standartı Azərbaycan Respublikasının “Standartlaşdırma haqqında” Qanununa uyğun olaraq qəbul edilmiş və qeydiyyata alınmışdır. AZS 889 (ISO 39001:2012) “Yol hərəkəti təhlükəsizliyinin (YHT) idarəetmə sistemləri. Tələblər və tətbiqinə dair göstərişlər” dövlət standartı yol hərəkəti təhlükəsizliyinin idarəetmə sisteminə tələbləri müəyyən edir.
AZS 889:2021 (ISO 39001:2012) “Yol hərəkəti təhlükəsizliyinin (YHT) idarəetmə sistemləri. Tələblər və tətbiqinə dair göstərişlər” dövlət standartının qəbul edilməsi ölkədə qəza hallarının və yol-nəqliyyat hadisələri ilə bağlı ölüm hallarının və ağır bədən xəsarətlərinin mümkün qədər qarşısının alınmasına və azaltmasına şərait yaradacaqdır.