Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən AZS 890:2020 “Milli transliterasiya standartları” dövlət standartı qəbul olunmuşdur.
Qloballaşma dövründə transliterasiya cədvəllərinin hazırlanmasına böyük ehtiyac vardır. Belə ki, bir dilin yazısının başqa bir dildə verilməsi zamanı həmin dilin fonetik xüsusiyyətləri, tətbiq edilən əlifbanın qrafiki əlamətləri mütləq nəzərə alınmalıdır. Müasir dövrdə dillərin çox sıx şəkildə inteqrasiyası baş verdiyindən yazı sistemlərinin də bir dildən başqa dilə ötürülməsi zamanı (o cümlədən, coğrafi adlarda) transliterasiya problemləri ortaya çıxır. Məhz bu problemlərin aradan qaldırılması üçün müasir Azərbaycan yazısında transliterasiya cədvəllərinin hazırlanması böyük praktik və strateji əhəmiyyət kəsb edir.
AZS 890:2020 “Milli transliterasiya standartları” dövlət standartı Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2013-cü il tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “Milli transliterasiya standartlarının hazırlanması” 6.1.4 bəndinin icrası məqsədi ilə qəbul olunmuşdur.
AZS 890:2020 “Milli transliterasiya standartları” dövlət standartı 7 dili (rus, ingilis, alman, fransız, ispan, italyan, fars) əhatə edir.
AZS 890:2020 “Milli transliterasiya standartları” dövlət standartının qəbul edilməsi
Azərbaycan dilinindəki sözlərin əcnəbi dillərə transliterasiyasının vahid formada həyata keçirilməsinin təmin edilməsinə və çoxvariantlılığın qarşısının alınmasına şərait yaradacaqdır.