Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ AZS 891:2021 (GOST 12302) “Polimer plyonkalardan və kombinə edilmiş materiallardan hazırlanan torbalar. Ümumi texniki tələblər” dövlət standartı qəbul olunmuşdur.
Qalınlığı 15 mikrona qədər olan torbalar təkrar emala yararlı deyil. Bu plastik torbalar yüngül çəkili olduğu üçün ətraf mühiti daha çox çirkləndirir. Su, kanalizasiya borularına ilişib qalır. Torpaq qatında çürümür. Tərkibindəki mikrohissəciklər sonradan bitkilərin, kənd təsərrüfatı məhsullarının inkişafına ziyan verir. Plastik qablaşdırma materiallarının tərkibində olan zəhərli maddələr orada saxlanılan qida ilə qarışaraq insan sağlamlığına zərər vurur. Eyni zamanda plastik tullantılar yüz illərlə çürümədiyinə görə ətraf mühit üçün təhlükə mənbəyinə çevrilir, həm heyvan, həm də bitkilər üçün zərərlidir.
AZS 891:2021 (GOST 12302) “Polimer plyonkalardan və kombinə edilmiş materiallardan hazırlanan torbalar. Ümumi texniki tələblər” dövlət standartı Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə 26 noyabr 2020-ci il tarixli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 26 noyabr 2020-ci il tarixli Qanunlarından və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 208-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında 30 dekabr 2020-ci il Fərmanından irəli gələrək qəbul olunmuşdur.
AZS 891:2021 (GOST 12302) “Polimer plyonkalardan və kombinə edilmiş materiallardan hazırlanan torbalar. Ümumi texniki tələblər” dövlət standartı qida və sənaye məhsullarının qablaşdırılması üçün nəzərdə tutulmuş polimer plyonkalardan və kombinə edilmiş materiallardan hazırlanmış torbalara (bundan sonra -torbalar) şamil olunur. Dövlət standartı sertifikatlaşdırma və dövlət nəzarəti məqsədi ilə də istifadə oluna bilər.
Ölkədə istehsal və idxal olunan polietilen torbaların sertifikatlaşdırılması prosesinin qəbul edilmiş AZS 891:2021 (GOST 12302) “Polimer plyonkalardan və kombinə edilmiş materiallardan hazırlanan torbalar. Ümumi texniki tələblər”dövlət standartının tələblərinə uyğun həyata keçirməklə qalınlığı 15 mikrona qədər olan torbaların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasının və ya xidmət zamanı istifadəsinin qarşının alınmasına şərait yaradacaqdır.