Toxumluq kartofun istehsal və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğun tənzimlənməsini təmin etmək məqsədilə AZS 902-2021 “Toxumluq kartof. Texniki şərtlər və keyfiyyəti təyinetmə metodları” dövlət standartı qəbul edilib.
Dövlət standart layihəsinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq elmi tədqiqat institutları və digər aidiyyəti qurumlar iştirak etmişdir.
Bu dövlət standart layihəsinin hazırlanmasında beynəlxalq, dövlətlərarası standartlardan və yerli şəraitə uyğun aparılmış elmi tədqiqat işlərinin nəticəsindən istifadə olunmuşdur.
Dövlət standartının ölkə ərazisində tətbiq edilməsi genefondun qorunmasına, ərzaqlıq kartof məhsulunun kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə öz müsbət təsirini göstərəcəkdir.
Dövlət standartı “Tərəvəz toxum - əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalının, emalının, saxlanmasının, daşınması”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 26) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin dövlət fonduna daxil edilib.
Bu dövlət standartı toxumluq kartofa aid edilməklə, ilkin material və onun keyfiyyətinin təyinetmə metodları da daxil olmaqla, ona olan tələbləri müəyyənləşdirir.