Heyvandarlıq sahəsində müasir elmi-texnoloji yenilikləri və beynəlxalq tələbləri özündə əks etdirən dövlət standartlarının hazırlanması, ölkədə iribuynuzlu qaramalın damazlıq keyfiyyətinin və cins tərkibinin yaxşılaşdırılması, habelə məhsuldarlığın artırılması məqsədilə embrion transferi prosesinin ölkə ərazisində tətbiq edilməsi üzrə yeni AZS 908:2022 “İribuynuzlu qaramalın embrionları” dövlət standartı qəbul edilib.
Bu dövlət standartı donor və daşıyıcı heyvanların genetik xüsusiyyətləri, embrionların emalı, istifadə olunması, saxlanılması, qablaşdırılması, daşıyıcı heyvanlara köçürülməsi, həmçinin embrion köçürmə mərkəzləri, istifadə edilən avadanlıqlar, texnoloji proseslər, müvafiq keyfiyyət və təhlükəsizlik tələblərinə şamil edilir.
Dövlət standartının layihəsi Heyvandarlıq Elmi Tədqiqat İnstitutu tərəfindən işlənib hazırlanmış və “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 24) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilərək dövlət reyestrində daxil edilib.