İstehlak və satış üçün nəzərdə tutulmuş şüyüdə müəyyən edilən tələbləri beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə, habelə digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanaraq hazırlanan AZS 915:2022 “Təzə şüyüd. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.
Standart layihəsi Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu bazasında təsis olunmuş “Tərəvəz toxum - əkin materialları, yetişdirilmiş məhsulların istehsalı, emalı, saxlanması, daşınması”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 26) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilib.
Şüyüd Kəvərkimilər fəsiləsinə (Apiaceae Lindl.) aid olan, işığa və rütubətə tələbkar, təzə halda yarpaq məhsulu verən, səbzə bitkilər içərisində ən geniş yayılmış tezyetişən birillik bitkidir. Kütləvi cücərmədən 22-35 gündən sonra istehlak edilməyə başlanılır.