Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı AZ03.0052.01.23 nömrəli yeni akkreditasiya attestatı əldə edib. Yeni akkreditasiya attestatının əldə edilməsi ilə AZSTAND-ın İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı həm fəaliyyət sferasına yeni sahələr əlavə edib, həm də mövcud bir neçə akkreditasiya sahəsi üzrə yenidən akkreditasiyadan keçib.
Belə ki, AZS ISO 50001:2022 “Enerji menecment sistemləri”, AZS ISO/IEC 27001:2022 “İnformasiya təhlükəsizliyi. Təhlükəsizlik metodları-informasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” və AZS ISO 22301:2023 “İş fəaliyyətinin (biznesin) davamlılığının idarəetmə sistemləri” yeni standartları üzrə sertifikat verilməsi səlahiyyətinin akkreditasiya attestatına əlavə edilməsi İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanının akkreditasiya üzrə fəaliyyət sferasını genişləndirib.
Bundan əlavə, qeyd edilən orqan AZS ISO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər”, AZS ISO 14001:2021 “Ətraf mühitin idarəedilmə sistemləri. Tələblər və tətbiqinə dair rəhbərlik”, AZS ISO 45001:2021 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər”, AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri – Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” , AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” standartları üzrə sertifikat verilməsi səlahiyyətinə görə yenidən akkreditasiya olunub.