"Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) və B.EST Solutions" şirkəti arasında “İnformasiya texnologiyaları sahəsində təhlükəsizliyin idarə edilməsi sisteminin tətbiqi” layihəsinin uğurla başa çatmasına həsr olunan görüş keçirilib.
Layihə AZSTAND-ın təşkilatçılığı ilə Türkiyənin tanınmış “BBS Belgelendirme Eğitim və Gözetim Hizmetleri”, “İT Consultancy” və “ESENEK Eğitim Merkezi” təşkilatlarının iştirakı ilə həyata keçirilib.
Görüşdə B.EST Solutions" şirkətinin nümayəndələri təlim zamanı hərtərəfli informasiya təhlükəsizliyinin təşkili, şəbəkə sistemlərinə nəzarət və risklərin idarə edilməsi prosesində əldə edilmiş müsbət nəticələrə görə təşəkkür edib, layihədən məmnun qaldıqlarını diqqətə çatdırıblar.
Sonda təlim iştirakçılarına “AZS ISO/IEC 27001:2022 İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri - Tələblər” beynəlxalq standartı əsasında baş auditor sertifikatları təqdim edilib.
Qeyd edək ki, sözügedən beynəlxalq standartın tətbiqi ilə dövlət qurumları, ölkədə İKT sahəsində fəaliyyət göstərən özəl şirkətlər, həmçinin vergi, audit və maliyyə təşkilatları informasiya təhlükəsizliyinin təmin edilməsi, müəssisələrin rəqabət qabiliyyətinin və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması imkanı əldə edəcəklər.
Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxs kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən təsis edilib. Milli standartlaşdırma qurumu olaraq standartların hazırlanması, qəbulu və ləğv edilməsi, Dövlət Standartlar Fondunun idarə edilməsi, texniki tənzimləmə və standartlaşdırma üzrə normativ sənədlərin reyestrinin aparılması, standartlaşdırma üzrə Texniki Komitələrin fəaliyyətinin əlaqələndirilməsi, uyğunluğun qiymətləndirilməsi istiqamətində (sertifikatlaşdırma və laborator sınaqlar) fəaliyyət növlərini həyata keçirir. AZSTAND Beynəlxalq Standartlaşdırma Təşkilatında (ISO) tamhüquqlu üzvdür. Eyni zamanda Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) Müxbir ölkələr proqramında (Affiliate Country Program) iştirak edir, Avropa Standartlaşdırma Təşkilatında (CEN) Tərəfdaş Standartlaşdırma Orqanı (CSB) statusunda təmsil olunur.