ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND Beynəlxalq İqtisadi Forumda iştirak edib
22 May, 2023

Kazan şəhərində keçirilən və 85 ölkədən nümayəndənin qatıldığı forumda Rusiya ilə İslam dünyası ölkələri arasında birgə layihələrin həyata keçirilməsi də daxil olmaqla, əməkdaşlıq məsələləri müzakirə olunub
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndəsi “Rusiya - İslam Dünyası” XIV Beynəlxalq İqtisadi Forumunda iştirak edib. 
18-20 may tarixlərində Kazan şəhərində keçirilən və 85 ölkədən nümayəndənin qatıldığı forumda Rusiya ilə İslam dünyası ölkələri arasında birgə layihələrin həyata keçirilməsi də daxil olmaqla, əməkdaşlıq məsələləri müzakirə olunub, halal infrastrukturu üzrə təlimlər keçirilib. Forum çərçivəsində, həmçinin halal məhsul və xidmətlərin yer aldığı “Russia Halal Expo” sərgisi də təşkil edilib. 
Tədbirdə ölkəmizdə müasir standartlara cavab verən halal infrastrukturun formalaşdırılması və inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. Halal məhsul və xidmətlərin müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi, beynəlxalq səviyyəli sertifikatların verilməsi səlahiyyətlərinin əldə edilməsi, istehlakçıların keyfiyyətli və təhlükəsiz məhsullardan istifadəsi üçün AZSTAND-ın SMİİC, Halal Akkreditasiya Kurumu (HAK), Türk Standartlar İnstitutu (TSE) və Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu (KazStandart) ilə əməkdaşlıq etdiyi qeyd olunub. Bildirilib ki, halal sahəsində kadr potensialının artırılması məqsədilə İnstitutda fəaliyyət göstərən mütəxəssislərin SMIIC tərəfindən təşkil olunan standartlaşdırma və auditor təlimlərində iştirakı təmin edilib.
-------------------------------------------------------------------------------
Qeyd: “İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Əsasnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 11 oktyabr 2022-ci il tarixli Qanunu ilə ölkəmizin SMİİC-ə üzvlüyü aktivləşdirilib. AZSTAND tərəfindən halal məhsul və xidmətlər üzrə 10 dövlət standartı qəbul edilib.
 

Tarix:

22 May, 2023