Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) “Slovakiya Standartlar Metrologiya və Sinaq Qurumu” (UNMS SR) və “Slovakiya Milli Akkreditasiya Xidməti”nin (SNAS) nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı AZSTAND nümayəndəsi tərəfindən İnstitutun fəaliyyət istiqamətləri, ölkədə standartların tətbiq sahələri və qaydaları, o cümlədən həyata keçirilən layihələr barədə ərtaflı məlumat verilib. Bundan əlavə, müvafiq dövlət orqanları, beynəlxalq, regional, habelə xarici və yerli təşkilatlarla qarşılıqlı formada qurulan standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət “Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu” və İnstitutun iştirak etdiyi Texniki Komitələrlə bağlı təqdimatlar olunub.
Görüş çərçivəsində qarşı tərəfin standartlaşdırma qaydaları, sertifikatlaşdırma, laboratoriya və akkreditasiya xidmətləri barədə geniş təqdimatlarına nəzər salınıb, UNMS SR və SNAS-ın fəaliyyətindən bəhs edilib.
Sonda tərəflər qurumlararası əməkdaşlığın təşkili üçün ilkin sazişin imzalanmasında maraqlı olduqlarını vurğulayıblar.