Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları (AZSTAND) “Mineral Sular” MMC-də istehsalat prosesi və tətbiq edilən standartların icra vəziyyəti ilə yerində tanış olublar.
Sözügedən müəssisənin dəvəti ilə keçirilən görüş çərçivəsində AZSTAND nümayəndələrinə burada istifadə olunan texnoloji avadanlıqlar, istehsalat zənciri, keyfiyyətə nəzarət mexanizmləri barədə məlumat verilib, həmçinin mikrobioloji və fiziki-kimyəvi analizlərin aparıldığı laboratoriyaların fəaliyyətinə nəzər salınıb. Eyni zamanda müəssisədə əməkdaşların səriştəlilik səviyyəsi qiymətləndirilib və proseslərin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, AZSTAND müəssisələrdə məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılmasına dəstək göstərmək məqsədilə standartlaşdırma və keyfiyyətin idarə olunması sahələrində təhlillər aparır, istehsal proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını təşviq edir, həmçinin bu istiqamətdə metodoloji dəstək və məsləhət xidmətlərini təqdim edir.


