“Azərbaycan Standartlaşdırma İnstitutu”nun Elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələrinin standartlaşdırılması şöbəsinin müdiri Firuzə Bəhri İqtisadiyyat Nazirliyinin “Uğur yolu” Karyera İnkişaf Proqramının final mərhələsinə yüksəlib.
Proqramın yarımfinal mərhələsində iştirakçıların strateji düşünmək, nəticələrə yönəlmək, komandada işləmək və kommunikasiya bacarıqları, eləcə də liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi kimi səriştələri ekspertlər və idarəçi rəhbərlər tərəfindən qiymətləndirilib.
Bildirək ki, yarımfinal mərhələsində iştirak edən 250 namizəddən 47 nəfəri final mərhələsində mübarizə aparmağa haqq qazanıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan “Uğur yolu” Karyera İnkişaf Proqramı intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, onların hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub.