İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sponsonsurluq proqramı çərçivəsində (ISO Sponsorship program) ISO/IEC JTC 1/SC 42 Süni intellekt ("Artificial intelligence") standartlaşdırması üzrə Texniki Komitəsinin Avstriya Respublikasının Vyana şəhərində keçirilən iclasında iştirak edib.
16-20 oktyabr tarixlərində Beynəlxalq Avstriya Standartları-Standartlaşdırma və İnnovasiya (A.S.I.) qurumunun sədrliyi ilə keçirilən plenar iclasda Almaniya, Avstriya, Böyük Britaniya, Bolqarıstan, Cənubi Koreya, Çin, Çexiya, İspaniya, İtaliya, İrlandiya, İsveçrə, Hindistan, Fransa, Kanada, Lüksemburq, Mərakeş, Portuqaliya, Polşa, Sinqapur, Uqanda, Türkiyə, Yaponiya və digər ölkələrin Standartlaşdırma Qurumlarının nümayəndələri ilə yanaşı, bu ölkələrdə süni intellekt sistemlərinin tətbiq olunduğu müvafiq sahələrdə çalışan mütəxəssislər, eləcə də Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO), Elektrik və Elektronika Mühəndisləri Standartları Assosiasiyası (IEEE) və Amerika Milli Standartlar İnstitutunun (ANSI) nümayəndələri iştirak edib.
Tədbir zamanı sözügedən komitənin hazırladığı beynəlxalq standartların layihələrinə dair üzv ölkələr tərəfindən verilən rəy və təkliflərin müzakirəsi, həmçinin layihələr üzrə səsvermə həyata keçirilib. Bundan əlavə, komitə çərçivəsində süni intellekt sahəsində yeni işçi qruplarının təşkil olunması məqsədilə nümayəndələr seçilib.
Qeyd edək ki, “Süni intellekt” standartlaşdırma üzrə Beynəlxalq Texniki Komitəsi (ISO/IEC JTC 1/SC 42) 2017-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən süni intellekt sistemlərinin standartlaşdırılmasına dair beynəlxalq tələb və meyarların müəyyən edilməsi məqsədilə yaradılıb.
Ümumilikdə, komitə tərəfindən 20 beynəlxalq standart, 33 standart layihəsi hazırlanıb və hazırda 9 işçi qrupu fəaliyyət göstərir.