Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO/IEC 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi - səriştəlilik testinə dair ümumi tələblər” beynəlxalq standartı əsasında daxili auditor təlimi təşkil olunub.
“Esenek Eğitim Merkezi”nin rəhbəri Halil Çelik tərəfindən keçirilən təlimə sınaq və kalibrləmə laboratoriyaları, eləcə də uyğunluğu qiymətləndirmə sahələrində çalışan mütəxəssislər də daxil olmaqla 30-dan yuxarı iştirakçı qatılıb.
Təlimin məqsədi uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun təşkili, səriştəlilik testi təminatçılarının, ümumilikdə müvafiq sahədə personalın peşəkarlıq səviyyəsinin artırılmasından ibarətdir.
Təlim zamanı səriştəlilik testlərinin planlaşdırılması və təminatçıların öhdəlikləri, nəticələrinin qiymətləndirilməsi və uyğunsuzluqların müəyyənləşdirilməsi, risklərin idarə olunması, həmçinin sözügedən beynəlxalq standarta uyğun daxili auditin aparılması qaydaları izah olunub.





