Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) və Beynəlxalq Elektrotexniki Komissiyasının (IEC) birgə “İnformasiya texnologiyalar” Texniki Komitəsinin (ISO/IEC JTC 1) “Verilənlər bazası dili” (SC32/WG3) İşçi Qrupunun növbəti plenar iclasına Bakı şəhərində ev sahibliyi edib.
Hibrid formatda təşkil olunan iclasda Amerika Birləşmiş Ştatları, Niderland, Almaniya və Cənubi Koreyanın milli standartlaşdırma qurumlarının, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, “AzİnTelecom”, Elektron Təhlükəsizlik Xidməti, “İstehlak Mallarının Ekspertizası Mərkəzi”, “Kapital Bank”, İcbari Sığorta Bürosu, “TİM Consulting”, “Wegros” və “Agile Solutions”, eləcə də digər dövlət və özəl təşkilatların nümayəndələri iştirak ediblər.
İclas çərçivəsində “Property Graphs in SQL” və “Property Graphs in GQL” mövzularını əhatə edən seminar təşkil olunub.
Seminar zamanı məlumat bazası və data analitikası sahəsində tətbiq edilən SQL standartlarının müəllifi Jan Michels, SQL verilənlər bazası üzrə proqram mühəndisi Karl Schendel və Informasiya Texnologiyaları üzrə Beynəlxalq Komitənin (The InterNational Committee for Information Technology Standards - INCITS) sədr müavini Keith W. Hare təqdimatlarla çıxış ediblər.
Sonda sözügedən istiqamətlərdə beynəlxalq təcrübələrdən söz açılıb və tətbiqi üsullarına nəzər salınıb.