Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK-05) nümayəndələri ISO/IEC JTC 1/SC 42 “Süni intellekt” standartlaşdırma üzrə Texniki Komitənin Sinqapur şəhərində keçirilən iclasında iştirak ediblər.
Amerika Milli Standartlar İnstitutunun (ANSI) sədrliyi ilə keçirilən iclasda Amerika Birləşmiş Ştatları, Almaniya, Avstraliya, Braziliya, Böyük Britaniya, Cənubi Afrika, Çin Xalq Respublikası, Dominikan Respublikası, Filippin, Fransa, Hindistan, İndoneziya, İsrail, İsveçrə, İtaliya, Kanada, Koreya Respublikası, Lüksemburq, Malayziya, Misir, Niderland Krallığı, Polşa, Portuqaliya, Ruanda, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sinqapur, Tanzaniya, Türkiyə, Uqanda, Yaponiya və digər ölkələrin standartlaşdırma qurumlarının təmsilçiləri, süni intellekt sistemləri üzrə mütəxəssislər, eləcə də Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO), Beynəlxalq Elektrotexnika Komitəsinin (IEC) və Elektrik və Elektronika Mühəndisləri Standartları Assosiasiyasının (IEEE) nümayəndələri iştirak ediblər.
ISO-nun “Süni intellekt idarəetməsi və standartlarında bacarıqların artırılması” layihəsi çərçivəsində təşkil olunan iclas zamanı müvafiq sahədə beynəlxalq və milli standartlara uyğun qabaqcıl tənzimləmə təcrübələrinə dair məlumatlandırıcı sessiyalar keçirilib, süni intellekt üzrə yeni işçi qruplarının formalaşdırılması məqsədilə nümayəndələr təyin edilib.
Qeyd: “Süni intellekt” standartlaşdırma üzrə Beynəlxalq Texniki Komitə (ISO/IEC JTC 1/SC 42) 2017-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən süni intellekt sistemlərinin standartlaşdırılmasına dair beynəlxalq tələb və meyarların müəyyən edilməsi məqsədilə yaradılıb. Ümumilikdə, Texniki Komitə tərəfindən 41 beynəlxalq standart, 50 standart layihəsi hazırlanıb. Hazırda Texniki Komitənin 14 işçi qrupu fəaliyyət göstərir.

