Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) tərfindən AZS ISO 19011:2022 “İdarəetmə sistemlərinin auditi üzrə rəhbəredici sənəd” standartı əsasında təlim keçiriləcək.
Təlim 2026-ci ilin 15-16 yanvar tarixlərində AZSTAND-ın İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri Saday Əliyev tərəfindən hibrid formatda həyata keçiriləcək.
Bu təlimin məqsədi iştirakçıların müxtəlif idarəetmə sistemləri üzrə audit proseslərini tələblərə uyğun şəkildə təşkil etmək bacarıqlarını artırmaq, audit fəaliyyətinin effektivliyini yüksəltmək və təşkilatlarda idarəetmə sistemlərinin davamlı təkmilləşdirilməsinə töhfə verməkdir.
Təlim idarəetmə sistemlərinin auditinin planlaşdırılması, həyata keçirilməsi, qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə beynəlxalq yanaşmaların iştirakçılara öyrədilməsini nəzərdə tutur. Proqram çərçivəsində audit prinsipləri, auditorların səriştəliliyi, riskə əsaslanan audit yanaşması, audit proqramlarının hazırlanması və audit nəticələrinin qiymətləndirilməsi mövzularına xüsusi diqqət yetiriləcək.
Təlimdə idarəetmə sistemləri üzrə auditorlar, rəhbər şəxslər, proses sahibləri, uyğunluq və risklərin idarə edilməsi ilə bağlı şəxslər və bacarıqlarını inkişaf etdirmək istəyən başqa maraqlı şəxslər iştirak edə bilər.
Qeydiyyat üçün əlaqəli şəxs:
İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva,
Tel: (+994 12) 514 96 03 (dax: 115)
mob: (+994 55) 201 18 60
E-mail: z.hagverdiyeva@azstand.gov.az
