Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı əsasında onlayn formatda daxili auditor təlimi təşkil olunub.
Beynəlxalq standartların tələblərinə uyğun hazırlanmış proqram əsasında Türkiyənin “Esenek" Tədris Mərkəzinin rəhbəri Halil Çelik tərəfindən keçirilən təlimdə AZSTAND-ın əməkdaşları ilə yanaşı “Socar Polymer”, eləcə də “Gilan-Knauf” MMC, “Babək-Sirab” MMC və “Elite Structures” MMC-nin 20-yə yaxın nümayəndəsi iştirak edib.
Təlimin əsas məqsədi laboratoriyaların fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun şəkildə təşkil olunmasını təmin etmək, o cümlədən personalın peşəkarlıq səviyyəsini və səriştəliliyini artırmaqdır.
Qeyd edək ki, təlimin nəticələri əsasında təqdim olunan sertifikatlar İngiltərənin beynəlxalq “IRCA” təşkilatında qeydiyyata alınacaq.
