Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sponsonsurluq proqramı çərçivəsində (ISO Sponsorship program) ISO/TC 34 Qida məhsulları standartlaşdırma üzrə Texniki Komitənin ISO/TC 34/SC 19 Arı məhsulları (“Bee products”) alt komitəsinin Türkiyənin Muğla şəhərində keçirilən iclasında iştirak edib. Tədbir Çinin Standartlaşdırma üzrə Administrasiyasının (SAC) sədrliyi ilə baş tutub.
31 avqust - 01 sentyabr tarixlərində keçirilən iclasda Almaniya, Argentina, Böyük Britaniya, Braziliya, Çin, İspaniya, İtaliya, İran, İsveçrə, Uruqvay, Hindistan, Fransa, Keniya, Portuqaliya, Rumıniya, Şri-Lanka, Tanzaniya, Türkiyə, Yeni Zelandiya və digər ölkələrin Standartlaşdırma Qurumlarının nümayəndələri ilə yanaşı, bu ölkələrdə arıçılıq sahəsində çalışan mütəxəssislər, həmçinin Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO), Dünya Arıçılar Assosiasiyaları Federasiyası (APIMONDIA), Asiya Arıcılıq Assosiasiyası (AAA), Apisevtik Araşdırma Mərkəzi, Beynəlxalq Propolis Araşdırma Qrupu (ARC/IPRG) və ABŞ Farmakopiya Konvensiyası (USP) nümayəndələri də iştirak edib.
Tədbir zamanı sözügedən komitənin hazırladığı beynəlxalq standartların layihələrinə dair üzv ölkələr tərəfindən verilən rəy və təkliflərin müzakirə edilib, işçi qrupların hesabatı eləcə də layihələr üzrə səsvermə həyata keçirilib. Bundan əlavə, şam balı sahələrinə texniki səfər edilib.
Qeyd edək ki, “Arı məhsulları” standartlaşdırma üzrə Beynəlxalq Texniki Komitəsi (ISO/TC 34/SC 19) 2017-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən arıçılıq sahəsinin standartlaşdırılmasına dair beynəlxalq tələb və meyarların müəyyən edilməsi məqsədilə yaradılıb.
Ümumilikdə, komitə tərəfindən 2 beynəlxalq standart təsdiq edilib və 5 standart layihəsi hazırlanıb. Hazırda 4 işçi qrup fəaliyyət göstərir.