Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) Azerbaijan İnformation and Communication Technologies İndustry Association-nin (AIKTSA) İdarə Heyətinin nümayəndələri və üzv şirkətləri ilə birlikdə görüş keçirilib.
Görüşdə AZSTAND-ın baş direktoru Ilham Bayramov ölkədə standartlaşdırma sisteminin inkişafı və müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Qeyd olunub ki, AZSTAND-ın əsas hədəfi ölkədə milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, məhsulların təhlükəsizliyinin, keyfiyyətinin, rəqabətqabiliyyətinin və ixrac potensialının artırılmasına nail olmaqdır.
Görüşdə İ.Bayramov AZSTAND-ın əsas məqsədlərini diqqətə çatdırıb. Belə ki, məhsul və xidmətlərin sərbəst hərəkəti üçün şərait yaradılması, daxili və xarici bazarda rəqabətə davamlılığı artırmaq məqsədi ilə məhsullar, xidmətlər və personalın təkmilləşdirilməsi, məhsulun keyfiyyətinin və xidmət səviyyəsinin, personalın səriştəliliyinin yüksəldilməsi, regional və beynəlxalq standartlaşdırmaya münasibətdə milli iqtisadiyyatın maraqlarının əks etdirilməsi, innovasiyaların səmərəli tətbiqinin və yüksək texnologiyalı malların istehsalının dəstəklənməsi üçün yüksək keyfiyyətli standartların hazırlanmasından ibarətdir
"Məqsədimizə nail olmaq üçün aktiv şəkildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Beynəlxalq Elektrotexnika Komissiyası (İEC), Avropa Standartlaşdırma Komitəsi (CEN) və digər beynəlxalq və regional standartlaşdırma təşkilatları və xarici ölkələrin milli standartlaşdırma orqanları ilə sıx əməkdaşlıq edirik", deyə İ.Bayramov əlavə edib.
Daha sonra çıxış edən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov görüşün əhəmiyyətinə toxunub. Bildirib ki, bu gün keçirilən görüşün əsas məqsədi İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin inkişafına töhfə vermək, İKT sahəsində tətbiq edilən standartlar baradə ətraflı məlumat əldə etmək həmçinin gələcəkdə tətbiq ediləcək standartların normativləri haqqında ümumi bilgi almaqdan ibarətdir.
Görüşdə həmçinin iki qurum arasında imzalanacaq Anlaşma Memorandumu və Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək işlər müzakirə edilib.
Qeyd edək ki, görüşdə “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AİKTSA) İctimai Birliyinin üzv şirkətlərindən ALLSMART TECHNOLOGİES, INBIT, GTSolutions, TimeSoft, İTECH GROUP, SchwaTech, MaxTexno və Virtual Azerbaijan Group of Companies iştirak ediblər.