Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalının nümayəndələri arasında görüş baş tutub.
Görüşdə yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və ixrac potensialının dəstəklənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı ixracyönümlü məhsulların müasir standartlara uyğun təsnifatlaşdırılması, həmçinin rəqəmsal məlumat bazalarının və reyestrlərin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi imkanları nəzərdən keçirilib. Bununla yanaşı, yerli məhsulların onlayn bazarlarda daha asan qəbul edilməsi və tanıdılması üçün standartlar və keyfiyyət tələbləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində sahibkarların ixrac prosesində ehtiyac duyduqları sertifikatlaşdırma və standartlaşdırma sənədlərinin əldə edilməsi mərhələlərinin daha da asanlaşdırılması yolları barədə müxtəlif fikirlər səsləndirilib. Qeyd olunub ki, yerli məhsulların texniki göstəricilərinin və standartlarının sistemli şəkildə formalaşdırılması sahibkarların qlobal ticarət şəbəkələrinə inteqrasiyasına müsbət təsir göstərə bilər.
Sonda qeyri-neft sektorunun inkişafı, ixracatçılara göstərilən xidmətlərin təkmilləşdirilməsi və ümumi informasiya mübadiləsinin hər iki tərəf üçün faydasından söz açılıb.
