İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) Belarus Respublikasının Standartlaşdırma üzrə Dövlət Komitəsinin (Госстандарт РБ) sədri Yelena Morqunovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə AZSTAND-ın Baş direktoru İlham Bayramov qurumun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər, ölkəmizdə standartlaşdırma sahəsində görülən işlər, o cümlədən aparılan islahatlar barədə məlumat verib. Həmçinin, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində texniki tənzimləmə sahəsi üzrə normativ hüquqi bazanın yaradılması, aidiyyəti dövlət orqanları tərəfindən milli texniki reqlamentlərin və istinad standartlarının hazırlanması ilə bağlı mövcud vəziyyət diqqətə çatdırılıb.
Bildirilib ki, hazırda ölkəmizdə standartlaşdırma sisteminin inkişafı və müasir tələblərə uyğunlaşdırılması, texniki reqlamentlərin Avropa İttifaqı direktivləri əsasında təhlükəsizlik tələblərinə uyğun olaraq hazırlanması, beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər görülür.
Belarus Respublikasının Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Yelena Morqunova isə keyfiyyət sahəsində ölkələrarası əməkdaşlığın gücləndirilməsi məqsədilə idarəetmə sistemləri üzrə qiymətləndirmə sənədlərinin qarşılıqlı tanınmasının vacibliyini vurğulayıb. İnsanların həyat və sağlamlığı, həmçinin ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik məhsullarının istehsalında elmi-texniki əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Görüşün yekununda Azərbaycan Standartlaşdırma İnstitutu və Belarus Respublikasının Standartlaşdırma üzrə Dövlət Komitəsi arasında Standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və informasiya təminatı sahəsində Anlaşma Memorandumu imzalanıb.