Bakıda keçirilən II Azərbaycan Halal Biznes Forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) “AZSTANDART Halal” sertifikatlaşdırma orqanının stendi nümayiş olunub. Burada AZSTAND nümayəndələri tərəfindən sərgi iştirakçılarına halal sertifikatlaşdırma xidmətləri, bu sahədə mövcud standartların tələbləri barədə ətraflı məlumat verilib. Eyni zamanda halal standartlarının istehsal və ixrac proseslərində yaratdığı üstünlüklərdən bəhs olunub.
Məlumat üçün bildirək ki, “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusunda keçirilən Forumda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, İslam Əməkdaşlıq Təşkilatı, İslam İnkişaf Bankı və digər qurumlarla yanaşı, 30-dan çox ölkədən rəsmi şəxslər, akademik dairələrin nümayəndələri, iş adamları və mütəxəssislər iştirak edib.
Forumun keçirilməsində məqsəd investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsinin gücləndirilməsi, Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.











