Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) “AZSTANDART Halal” sertifikatlaşdırma orqanı tərəfindən "Zəhmət Ruzi" MMC-yə istehsal etdiyi kolbasa və sosiska məhsulları (“Tamdad”, “Ekonom”, “Payım” və “Ümid”) üzrə “Halal” uyğunluq sertifikatı təqdim olunub.
Məlumat üçün bildirək ki, “Halal” uyğunluq sertifikatı əldə etmək istəyən sahibkarlar İnstitutun rəsmi internet səhifəsində yerləşdirilmiş https://azstand.gov.az/az/halal-sertifikat-ucun-muraciet linki üzərindən müraciət formasını müvafiq qaydada dolduraraq halal@azstand.gov.az elektron ünvanına göndərə bilərlər. Müraciətlər əsasında məhsul, xidmət, proses və idarəetmə sistemlərinin OIC/SMIIC 1:2019 “Halal qidaya dair ümumi tələblər” standartının tələblərinə uyğunluğu qiymətləndirildikdən sonra sahibkara aidiyyəti üzrə xidmət göstəriləcəkdir. Qeyd edək ki, uyğunluğun qiymətləndirilməsi prosesində texniki ekspertlərlə yanaşı, İslam dini məsələləri üzrə mütəxəssis də iştirak edir. Yekunda Qərarvermə Komissiyasının müvafiq qərarı əsasında müraciətçiyə “Halal” uyğunluq sertifikatı təqdim olunur.
Qeyd: “AZSTANDART Halal” sertifikatlaşdırma orqanı Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) və Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən akkreditasiya olunub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən OIC/SMIIC 2:2019 standartı əsasında həyata keçirilib.
