Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) əməkdaşı 18 iyun-1 iyul 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Çendu şəhərində təşkil edilmiş “Bir kəmər, bir yol” layihəsində iştirak edən ölkələrin təmsil olunduğu "Qlobal İnkişaf Təşəbbüsü çərçivəsində" yaşıl inkişaf və davamlı investisiya” adlı seminara qatılıb.
Seminarda Azərbaycan Respublikasının nümayəndələri ilə yanaşı, Türkiyə Respublikasından, Özbəkistan Respublikasından, Qazaxıstan Respublikasından, Misir Ərəb Respublikasından, Syerra-leone Respublikasından, Trinidad və Tobaqo Respublikasından nümayəndələr iştirak edib.
Seminar çərçivəsində inkişaf etməkdə olan ölkələrdə “yaşıl iqtisadiyyat”ın inkişafı, bu sahədə qabaqcıl dünya təcrübəsi, “yaşıl inkişaf”ın sosial-iqtisadi tərəqqidə rolu, “yaşıl investisiyalar” və dayanıqlı inkişaf, kənd təsərrüfatında karbon qazı emissiyasının utilizasiyası və onun iqtisadi inkişafa təsiri və digər mövzular haqqında məlumat verilib.
Tədbir zamanı davamlı enerji texnologiyaları haqqında seminar iştirakçıları ilə sinif mühazirələri keçirilib, mövzu ilə bağlı müzakirələr aparılıb, eləcə də sahələr üzrə səfərlər və mədəniyyət turları təşkil edilib.
Qeyd edək ki, sözügedən seminarda ölkəmizdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin və “Azərpoçt” MMC-nin nümayəndələri iştirak edib, tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.