Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) “Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası” Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün təşkil olunmuş səriştəlilik sınağına qatılıb.
Sözügedən laboratoriya yağ (süd yağı) qida məhsulu nümunəsində yağlılıq, nəmlik və quru maddə təyini parametrləri, su nümunəsində ümumi codluq, xloridlər, konduktivlik və hidrogen göstəricisi (pH) təyini parametrləri üzrə səriştəlilik sınaqlarında iştirak edib. Laboratoriyanın sınaq nəticələri ISO 13528 “Laboratoriyalararası müqayisə ilə səriştəlilik testində istifadə üçün statistik metodlar” standartının meyarlarına (9.4 və 9.5 bəndləri) uyğun olub.
Məlumat üçün bildirək ki, səriştəlilik sınaq proqramına qatılmış laboratoriyanın əldə etdiyi sınaq nəticəsi “Qida təhlükəsizliyi haqqında” AR Qanununa əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tanınır və etibarlı hesab edilir.
Qeyd edək ki, AQTİ tərəfindən təşkil olunan sınaqlar beynəlxalq ISO/IEC 17043 “Səriştəlilik sınaqlarına dair ümumi tələblər” standartı əsasında keçirilib. Sözügedən səriştəlilik sınağının məqsədi laboratoriyaların müstəqil fəaliyyətlərinin qiymətləndirilməsi, laboratoriyaların müayinə nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin sınaq nəticələrinin keyfiyyətinin və personalın səriştəliliyinin artırılmasıdır.