Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində heyət Özbəkistan Standartlar İnstitutunun 55 illik yubileyinə həsr olunmuş “Standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində innovativ ideya və inkişaf” yarmarkasında, o cümlədən “Davamlı tərəqqi üçün standartlaşdırma: beynəlxalq dialoq və innovativ həllər” Beynəlxalq Elmi-Texniki Konfransında iştirak edib.
Bundan əlavə, AZSTANDART nümayəndələri MDB ölkələri Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) Dövlətlərarası Texniki Komitələrin Əlaqələndirilməsi üzrə İşçi Qrupunun (РГ МТК) 14-cü iclasına, habelə Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyanın (НТКС) 68-ci müşavirəsinə qatılıblar.
Sözügedən tədbirlərdə Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Tacikistan və digər standartlaşdırma üzrə milli qurumların, həmçinin МГС-in Standartlaşdırma Bürosunun nümayəndələri iştirak ediblər.
“Davamlı tərəqqi üçün standartlaşdırma: Beynəlxalq dialoq və innovativ həllər” Beynəlxalq Elmi-Texniki Konfransında AZSTANDART-ın baş direktoru İlham Bayramov “Azərbaycanda davamlı yaşıl inkişaf üçün standartlaşdırma” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı İnstitutun ümumi fəaliyyətindən, həyata keçirilən davamlı yaşıl inkişaf, o cümlədən enerji menecment layihələrindən bəhs edilib.
Dövlətlərarası Texniki Komitələrin Əlaqələndirməsi üzrə İşçi Qrupunun (РГ МТК) 14-cü iclasında yeni dövlətlərarası texniki komitələrin (MTK) yaradılması, mövcud MTK-ların birləşdirilməsi, tətbiq sahələrinin genişləndirilməsi və digər məsələlər müzakirə edilib.
Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyasının 68-ci müşavirəsində РГ МТК-nın 14-cü iclasının nəticələri, МГС 2030: İnkişaf strategiyasının icra vəziyyəti, 2024-2025-ci illər üçün Dövlətlərarası Standartlaşdırma Proqramı (ПМС), standartların kataloqlaşdırılması üzrə yeni işçi qrupun yaradılması ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, sözügedən səfər çərçivəsində AZSTANDART nümayədələri Özbəkistan Texniki Tənzimləmə Agentliyin rəhbər heyəti ilə görüş keçirib. Görüşdə texniki tənzimləmə və standartlaşdırma sahələrində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərinə dair müzakirələr aparılıb.