Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində heyət Özbəkistan Elmi-sınaq və Keyfiyyətə Nəzarət Mərkəzinin (UzTest) nümayəndələri ilə görüşüb.
Görüş zamanı tütün məmulatlarının sınaqdan keçirilməsinə dair əməkdaşlıq layihələri ətrafında müzakirələr aparılıb, o cümlədən “Halal” sertifikatı üzrə təcrübə mübadiləsi barədə razılığa gəlinib.
Görüşün yekununda AZSTANDART ilə UzTest arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Səfər çərçivəsində, həmçinin Mərkəzin sınaq laboratoriyalarına baxış keçirilib, onların fəaliyyət istiqamətləri, laboratoriyalarda istifadə edilən müasir cihaz və avadanlıqlar barədə məlumat əldə edilib.
Səfərin sonunda AZSTANDART nümayəndəri Daşkənd Dövlət Texniki Universitetinin (TDTU) nəzdində “Metrologiya və standartlaşdırma” laboratoriyasında iş prosesi ilə tanış olub, laboratoriyaların akkreditasiyası sahəsində birgə əməkdaşlıq barədə müzakirələr aparıblar.