Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndələri Müstəqil Dövlətlər Birliyi çərçivəsində (MDB) fəaliyyət göstərən Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) 66-cı iclasında iştirak edib.
Onlayn formatda təşkil olunan iclasa ölkəmizlə yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və digər ölkələrin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə milli orqanlarının, o cümlədən MDB İcraiyyə Komitəsinin və Standartlar Bürosunun nümayəndələri qatılıblar.
İclasda istehsal olunan məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, ticarət-iqtisadi, elmi-texniki əlaqələrin gücləndirilməsi üzrə aktual problemlərin həlli istiqamətində standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsinə dair 20-dən çox məsələyə baxılıb.
Tədbirin sonunda Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС) arasında Əməkdaşlıq Sazişi imzalanıb.