Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) ilə Azərbaycanda layihələndirmə sahəsində lider şirkətlərdən bir olan “PMD Projects” MMC arasında həyata keçirlmiş birgə layihə çərçivəsində şirkətə AZS ISO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər”, AZS ISO 14001:2021 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”, AZS ISO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” və AZS ISO 50001:2022 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartlarının tətbiqi üzrə keçirilən ikimərhələli auditin nəticələrinə uyğun olaraq beynəlxalq statuslu sertifikatlar təqdim edilib.
Eyni zamanda, layihə çərçivəsində “PMD Projects” MMC-nin əməkdaşları AZSTANDART tərəfindən təşkil edilmiş ISO 50001:2018 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartı əsasında təlimdə iştirak edərək uğurlu nəticə əldə edib və şirkətin 8 əməkdaşına beynəlxalq səviyyəli daxili auditor sertifikatları təqdim olunub.
Həmçinin tərəflər arasında standartlaşdırma, “yaşıl iqtisadiyyat”a keçid, layihələndirmə sahəsində müasir standartların və texnologiyaların tətbiqi, eləcə də fəaliyyət sahələrinə uyğun olaraq digər istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2022-ci il tarixli 310 nömrəli qərarı ilə təsdiq edilmiş “Enerji menecment sisteminə dair tələblər” sənədinə uyğun olaraq AZSTANDART tərəfindən ölkədə müxtəlif sahələrdə fəaliyyət göstərən 12 özəl şirkətin idarəetmə sistemləri ISO 50001 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” beynəlxalq standartının tələbinə uyğun olaraq sertifikatlaşdırılıb.
Bu istiqamətdə həyata keçirilən layihələrin əsas məqsədi ölkə ərazisində enerjinin səmərəli idarə edilməsinə şərait yaratmaq, enerji itkilərinin qarşısını almaq, enerji səmərəliliyini artırmaq və enerjidən səmərəli istifadənin ətraf mühitə mənfi təsirini azaltmaqdır.