Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTANDART) Azərbaycan İnsan Resursları İnstitutunun (Azərbaycan HR İnstitutu) nümayəndələri ilə görüş keçirilib.
Bildirilib ki, AZS ISO 30414:2024 “İnsan resurslarının idarə edilməsi. İnsan kapitalına dair daxili və xarici hesabatvermə üzrə rəhbər qaydalar” dövlət standartının ölkədə tətbiqi müəssisə və təşkilatlarda insan resurslarının idarəedilməsi prosesinin beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə imkan yaradacaq. Həmçinin yeni dövlət standartının iş yerlərində insan hüquqları prinsiplərinin rəhbər tutulması, insan kapitalına dair məlumatların toplanması, ölçülməsi, təhlili və hesabatı üzrə qaydaları müəyyən etdiyi vurğulanıb.
İclas çərçivəsində insan resursları və idarəetmə sahələrində standartlaşdırma və sertifikatlaşdırma üzrə xidmətlərin göstərilməsi və inkişaf etdirilməsinin zəruriliyi nəzərə alınaraq Azərbaycan Standartlaşdırma İnstitutu və Azərbaycan İnsan Resursları İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum sözügedən sahələrdə standartların tətbiqini, standartlara uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırma xidmətlərini, təlim proqramlarını və digər layihələri əhatə edir.