ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Bakıda yaxşı idarəçilik mövzusunda seminar keçirilib
14 Mart, 2023

Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi, Britaniya Standartları İnstitutu (BSİ) və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun  (AZSTAND) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Yaxşı idarəçilik güclü fəaliyyəti və dayanıqlı inkişafı təmin edir” mövzusunda beynəlxalq seminar keçirilib.

Seminarda çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld yaxşı idarəetmənin etibarlı biznes mühitini gücləndirən əsas şərtlərdən biri olduğunu və bu istiqamətdə Britaniya Hökumətinin Azərbaycana dəstək verməkdə davam edəcəyini bildirib.

Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov iştirakçıları  idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, korrupsiyaya qarşı sistemli mübarizənin aparılması, ölkədə biznes mühitinin əlverişliliyinin daha da yüksəldilməsi, hesabatlılığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətlərində ölkəmizdə uğurla həyata keçirilən tədbirlər barədə məlumat verib.

BSI-nin beynəlxalq layihələr üzrə direktoru Volodymyr Yakubov isə yaxşı idarəetmə prinsiplərinə əməl edilməsinin həm xarici, həm də milli şirkətlər üçün Azərbaycanda fəaliyyət mühitinin yaxşılaşdırılmasına və ölkəyə yeni investisiya axınını cəlb olunmasına imkan yaradacağını qeyd edib.

Seminarda 50-dən çox dövlət qurumu, özəl sektor və assosiasiyaların məsul nümayəndələri iştirak edib və seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, iki gün davam etmiş seminarda idarəetmə sahəsində ən yaxşı beynəlxalq təcrübələr, korporativ idarəetmənin əsas prinsipləri və elementləri, risk və imkanların təsnifatı nəzərdən keçirilib. Bundan əlavə, iştirakçılar beynəlxalq standartlaşdırma təşkilatının (ISO) idarəetmə standartları, o cümlədən “ISO 37001 Rüşvətxorluğa qarşı idarəetmə sistemləri” standartı, performansın monitorinqi, ölçülməsi, biznes tərəfdaşlarının idarəedilməsi  və digər mövzularda məlumatlandırılıb.

 

Tarix:

14 Mart, 2023