Ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək yeni dövlət standartları qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS EN 206:2024 “Beton. Xüsusiyyət, istismar, istehsal və uyğunluq” və AZS ГОСТ 10180:2024 “Betonlar. Yoxlama nümunələri əsasında möhkəmliyin təyini üsulları” yeni dövlət standartları qəbul edilib.
AZS EN 206:2024 “Beton. Xüsusiyyət, istismar, istehsal və uyğunluq” dövlət standartı inşaat sahəsində hazırlanan konstruksiyalar üçün nəzərdə tutulmuş betonlara, yığma dəmir-beton konstruksiyalar, habelə, tikililər və mülki inşaat konstruksiyaları üçün yığma konstruktiv dəmir-beton məhsullarına şamil olunur.
AZS ГОСТ 10180:2024 “Betonlar. Yoxlama nümunələri əsasında möhkəmliyin təyini üsulları” dövlət standartı betonun sıxılmada möhkəmlik həddi, ox üzrə, parçalanmada və əyilmədə dartılma sınaqlarında betonun xüsusi hazırlanmış sınaq nümunələrinin dağıdıcı qısamüddətli statistik yükləmə yolu ilə təyini üsullarını müəyyən edir.
Standart layihələrinə Tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) 15.11.2023-cü il tarixli iclasında baxılıb və yekdilliklə qərar qəbul edilib.