Azərbaycan Standartlaşdırma İnstitunun Baş direktoru Namiq Tağıyev “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Namiq Tağıyev “Online B2G Forum” iştirakçılarını salamlayaraq görüşün əsas mövzusunun biznes qurumlarının rəqabət qabiliyyətinin artırılması və inkişafında Azərbaycan Standartlaşdırma İnstitunun rolu olduğunu qeyd edib. O, həmçinin, Standartlaşdırma İnstitunun əsas məqsəd və vəzifələrinin standartların qəbulu, ölkəni bu sahədəki beynəlxalq qurumlarda təmsil etmək və “Milli Standartlaşdırma Proqramı”nın qəbul və icrasından irəli gələn məsələlər olduğunu vurğulamışdır. N. Tağıyev “Milli Standartlaşdırma Proqramı”nın standartlaşdırma üzrə texniki komitələr tərəfindən həyata keçirildiyini və bunun əsas istifadəçisinin biznes olduğunu, bu səbəbdən də texniki komitələrin biznes tərəfindən qurulduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırıb.
“Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Standartlaşdırma İnstitutu bu sahədə mühüm addımlar atmışdır. Bunlardan biri də “Standartlaşdırma” və “Texniki tənzimləmə” haqqında qanunların işlənib hazırlanması və qəbulu üçün təqdim edilməsidir. Bu qanunlar digər ölkələrin bu istiqamətdə həm müsbət həm də mənfi təcrübələri təhlil edilib nəzərdən keçirilərək işlənib hazırlanmışdır. Bununla yanaşı, standartlaşdırmanın 2021-2025-ci illərdə beynəlxalq sistemə keçirilməsi ilə bağlı uyğunlaşdırılma üzrə işlər aparılır”- deyə o, forum iştirakçılarının diqqətə çatdırıb.
Daha sonra N. Tağıyev “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Namiq Tağıyevə təşəkkür edib. O, həmçinin bidirmişdir ki, Caspian Energy Club-un Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə ikitərəfli işçi qrupu fəaliyyət göstərir. Təklif edirik ki, bu işçi qrup çərçivəsində standartlaşdırma, akkreditasiya, metrologiya, sertifikatlaşdırma və s. məsələlər aktiv müzakirə olunsun və sahibkarlar üçün bu istiqamətdə maarifləndirmə tədbirləri keçirilsin. Hazırki vəziyyətdə aparılan araşdırmalara əsasən sahibkarlar bu anlayışları bəzən səhv salır və bunların mahiyyətini sonadək anlamır. Bu səbəbdən də belə məlumatlandırma tədbirlərinin keçirilməsi vacibdir.
Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.