İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ГОСТ Р 51606:2023 “Rəqəmsal topoqrafik xəritələr. Rəqəmsal xəritə məlumatlarının təsnifatlandırma və kodlaşdırma sistemi. Ümumi tələblər” yeni dövlət standartı qəbul edilib.
Yeni dövlət standartı ölkədə ekologiya sahəsində müasir standartlarının qəbul edilməsi və qüvvədə olan dövlət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Standart layihəsi “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK-09) tərəfindən işlənib hazırlanıb, müvafiq qurumlarla razılaşdırılıb və sözügedən Texniki Komitənin təqdimatı əsasında Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Dövlət standartı rəqəmsal xəritə məlumatlarının təsnifatlandırma və kodlaşdırılma sisteminə, o cümlədən 1:10 000, 1:25 000, 1:50 000, 1:100 000, 1:200 000, 1:500 000, 1:1000 000 miqyaslı rəqəmsal topoqrafik xəritə obyektlərinin təsnifatlandırıcılarına qoyulan ümumi tələbləri müəyyən edir. Dövlət standartının müddəalarının təşkilati mənsubiyyətindən və mülkiyyət formasından asılı olmayaraq, rəqəmsal topoqrafik xəritələrin (RTX) hazırlanması və yayılması ilə məşğul olan idarə, təşkilat və müəssisələr tərəfindən tətbiq edilməsi tövsiyə olunur.