Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Gəncə Aqrobiznes Assosiasiyasının bazasında təsis edilən “Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitənin (AZSTAND/TK 31) iclasında iştirak ediblər.
İclasda AZSTAND-ın Aqrar və qida sənayesinin standartlaşdırılması şöbəsinin, Gəncə Aqrobiznes Assosiasiyasının, “Xəzər Ekoloji Laboratoriyası” MMC-nin nümayəndələri, o cümlədən “Botanika İnstitutu”nun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə-Resurs Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının “Torpaqşünaslıq və Aqrokimya İnstitutu”nun alimləri iştirak ediblər.
İclas zamanı 2025-ci ilin fəaliyyət planında nəzərdə tutulan standartların yekun variantlarının hazırlanması, Texniki Komitənin alt komitələrinin yaradılması, eləcə də yeni heyətin tərkib hissəsinin müəyyən edilməsi məsələləri müzakirə olunub.
İclasın sonunda AZSTAND/TK 31-in tərkibinə səsvermə əsasında yeni üzvlərin qəbul edilməsi ilə bağlı qərar verilib.
