Azərbaycan Standartlaşdırma İnstitutu AZS 919:2022 “Əl ilə yığılmış xam pambıq. Texniki şərtlər” yeni dövlət standartını təsdiq edib.
Yeni standart pambıqçılığın inkişafına, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, xam pambıq istehsalı zamanı becərilmə, yığım və məhsulun keyfiyyətinə dair dəqiq informasiya əldə edilməsini təmin edəcək.
Məlumat üçün bildirək ki, sözügedən standart əl ilə yığılmış orta və zərif lifli xam pambıq növlərinə şamil edilir. Xam pambığın xarici görünüşü və digər göstəricilərindən asılı olaraq yığım, təhvil, qəbul, həmçinin seleksiya və sənaye növləri üzrə komplektləşdirilməsi qaydalarını müəyyən edir.
Standart layihəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun bazasında təsis olunmuş “Pambıqçılıq sənayesi”nin standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında təsdiq edilib.
Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxs kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən təsis edilib. Milli standartlaşdırma qurumu olaraq standartların hazırlanması, qəbulu və ləğv edilməsi, Dövlət Standartlar Fondunun idarə edilməsi, texniki tənzimləmə və standartlaşdırma üzrə normativ sənədlərin reyestrinin aparılması, standartlaşdırma üzrə Texniki Komitələrin fəaliyyətinin əlaqələndirilməsi, uyğunluğun qiymətləndirilməsi istiqamətində (sertifikatlaşdırma və laborator sınaqlar) fəaliyyət növlərini həyata keçirir. AZSTAND Beynəlxalq Standartlaşdırma Təşkilatında (ISO) tamhüquqlu üzvdür. Eyni zamanda Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) Müxbir ölkələr proqramında (Affiliate Country Program) iştirak edir, Avropa Standartlaşdırma Təşkilatında (CEN) Tərəfdaş standartlaşdırma orqanı (CSB) statusunda təmsil olunur.