Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən təsis edilən "Elektroenergetika ve bərpa olunan enerji" standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 46) növbəti iclası keçirilib.
İclas zamanı enerji sahələrində standartlaşdırılmanın müvafiq sektorunun inkişafına, o cümlədən dayanıqlı iqtisadiyyata verdiyi töhfələr haqqında müzakirələr aparılıb. Bildirilib ki, energetika sektorunda tətbiq edilən avadanlıqların, məişətdə istifadə olunan məhsulların, eləcə də bu sahədə göstərilən xidmətlərin keyfiyyət tələblərinə uyğunlaşdırılması, o cümlədən istehlakçı maraqlarının qorunmasında enerji standartlarının tətbiqi müstəsna əhəmiyyət daşıyır.
İclasda AZS EN 30-2-1:2025 “Qaz ilə işləyən məişət mətbəx texnikası – 2-1-ci hissə: Enerjidən səmərəli istifadə - Ümumi, AZS EN 15218:2025 “Məkanın soyudulması üçün buxar ilə soyutma kondensatorlu və elektrik intiqal kompressorlu kondisionerlər və mayeli soyuducu aqreqatlar - Terminlər, təriflər, sınaq şərtləri, sınaq üsulları və tələblər”, həmçinin AZS IEC 62512:2025 “Məişət qurutma funksiyalı elektrik paltaryuyan maşınlar - Effektivliyin ölçülməsi üsulları” dövlət standartlarının layihələri müzakirə olunub.
Sonda Texniki Komitə üzvlərinin standart layihələri ilə bağlı əlavə təklif və tövsiyələri dinlənilib, yuxarıda qeyd olunmuş üç standart layihəsinin qısa müddət ərzində təkmilləşdirilərək qəbul olunması məqsədəmüvafiq hesab olunub.
Yekunda sözügedən standartların təsdiq olunması məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-yə təqdim olunması barədə qərar qəbul edilib.