Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS IWA 48:2024 “Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartına dair maarifləndirici təlim keçirilib.
Təlim zamanı ESG standartlarının tətbiq sahələri, habelə ətraf mühitin qorunması, sosial məsuliyyətin təşviq olunması və şəffaf idarəetmənin həyata keçirilməsinə müsbət təsirindən bəhs edilib.
Bundan əlavə, ESG çərçivəsində təşkilatların dayanıqlılığının artırılması, biznes proseslərinin optimallaşdırılması, sosial və ekoloji risklərin idarə edilməsi, korporativ idarəetmənin gücləndirilməsi yolları haqqında müzakirələr aparılıb, real nümunələr əsasında təkliflər irəli sürülüb.
Tədbirdə, həmçinin ESG prinsiplərini ehtiva edən “ESGHub.az” platformasının (https://esghub.az/) funksionallıqlarını izah edən təqdimat keçirilib.
Qeyd edək ki, AZSTAND tərəfindən ESG sahəsində maarifləndirmə və təcrübə mübadiləsi məqsədilə silsilə tədbirlər davam etdiriləcək.