ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ətraf mühitin qorunmasına xidmət edəcək yeni dövlət standartı təsdiq edilib.
28 İyul, 2021

Ətraf mühitə olan mənfi təsirlər üzərində müntəzəm nəzarət imkanlarının yaradılması məqsədilə ISO 14001 beynəlxalq standartın son versiyası əsasında hazırlanan AZS ISO 14001:2021(az) “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartı təsdiq edilib.

Standartın layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs və “Keyfiyyət Assosiasiyası” ictimai birliyinin birgə əməkdaşlığı nəticəsində hazırlanıb. Sənəd “Uyğunluğun qiymətləndirilməsi” və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərlik etdiyi “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitələrin təqdimatları əsasında “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən təsdiq edilib. Yeni dövlət standartının qüvvəyə minməsi ilə əlaqədar AZS 835-2015 (İSO 14001-2004) “Ətraf mühitin idarəetmə sistemləri. İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur” və AZS 054-2001 “Ətraf mühitin idarəetmə sistemləri. Tətbiq etmə üzrə təlimat və tələblər” dövlət standartları qüvvədən düşüb.

Yeni standartın tətbiqi enerjidən və sudan istifadənin səmərəliliyinin artırılmasına, qanunvericiliyin tələblərinin sistemli şəkildə yerinə yetirilməsinə və ətraf mühitin qorunmasına xidmət edəcək.

Qeyd edək ki, standart Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının həyata keçirilməsinə dair təsdiq edilən Tədbirlər Planına əsasən hazırlanıb.

Tarix:

28 İyul, 2021