Cari ilin 19 mart tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov və "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsin Baş direktoru Namiq Tağıyev təşkilatlar arasında Əməkdaşlıq haqqında Memorandum imzalamışdır.
Memorandum tikinti materialları sahəsində keyfiyyətin təmin edilməsi üzrə problemlərin mövcudluğunu əsas gətirərək tikinti materialları və konstruksiyaların beynəlxalq standartlara uyğun və təhlükəsizlik normalarına cavab verəcək keyfiyyətdə istehsalının və ixracının təmin edilməsi, istehlak bazarının keyfiyyətsiz və təhlükəli məhsullardan qorunması, əsassız sertifikatlaşmanın qarşısının alınması məqsədilə tərəflər arasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Əməkdaşlıq tikinti materialları və konstruksiyaların sınaq işlərinin aparılma metodikasının beynəlxalq sertifikatlaşdırma sisteminə uyğunlaşdırılması, akkreditasiya ilə əhatə olunan istiqamətlərin təkmilləşdirilməsi, beynəlxalq tələblərə cavab verən standartların birgə işlənilməsi, müvafiq sferada beynəlxalq təcrübənin öyrənilməsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə təkliflərin verilməsi, xarici ekspertlərin iştirakı ilə təlimlərin keçirilməsi kimi sahələri əhatə edəcək.