25-26 may 2022-ci il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri və Milli İşçi Qrupun üzvləri arasında “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartının hazırlanması üzrə görüş keçirilib. Görüş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ÜST-ün Azərbaycandakı ölkə ofisinin təşkilatçılığı və Ətraf Mühit və Sağlamlıq üzrə Avropa Mərkəzinin texniki dəstəyi ilə keçirildi. Missiyanın məqsədi Azərbaycanda yeni içməli su standartları və qaydalarının hazırlanmasına texniki dəstək göstərməkdir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Standartlaşdırma İnstitutu, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərindən ibarət Milli İşçi Qrupunun təklif etdiyi su standartı layihəsi müzakirə olunub, içməli suyun təhlükəsizliyi planı, gələcək hədəflər, içməli suyun fiziki-kimyəvi və bakterioloji parametrlərinin öyrənilməsi ilə bağlı müzakirələr aparılıb. ÜST-nin ekspertləri tərəfindən müvafiq tövsiyələr verilib və bu sahədə ən yaxşı təcrübələr barədə fikir mübadiləsi aparılıb.