Azərbaycan Standartlaşdırma İnstitutunda elektronlaşmanın inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə zəruri işlər həyata keçirilir.
Bu barədə “vergiler.az”a İnstitutun baş direktoru İlham Bayramov deyib.
Onun sözlərinə görə, ötən il ərzində normativ sənədlərin idarə edilməsi sistemi hazırlanıb. “Hazırda Hökumət Ödəniş Portalı və Dövlət Vergi Xidmətinin “Asan İmza” sistemi ilə inteqrasiya istiqamətində son tamamlama işləri aparılır. Həmin elektron platformanın yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır ki, nəticədə standartların onlayn satışını təmin etmək mümkün olacaq. Belə ki, sahibkarlar İnstitutun internet səhifəsinə keçid edərək istədikləri standartı onlayn qaydada əldə edə biləcəklər”, - İ.Bayramov qeyd edib.
“Bu layihələr çərçivəsində İnstitutun göstərdiyi xidmətlər üzrə müraciətlərin qəbulu və işlənməsi də elektronlaşdırılacaq. “Beləliklə, xidmətlərin operativliyi və əlçatanlığı təmin ediləcək”, - İ.Bayramov vurğulayıb.
Mənbə:https://vergiler.az/news/economy/22317.html