Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) tərəfindən təsis edilən “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) növbəti iclası keçirilib.
İclas, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında təşkil olunub.
Tədbirdə AZSTAND/TK 52-nin sədri, “Elm” nəşriyyatının direktoru və filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, AZS ISO 3297:20 “Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)” və AZS ISO 6357:2025 “Sənədləşdirmə: Kitab və Digər Nəşrlərdə Cildin Kötük Hissəsindəki Başlıqların Tərtibatı” standartları barədə ətraflı məlumat verib. O, qeyd edib ki, yeni dövlət standartlarının tətbiqi, elmi kommunikasiya sisteminin səmərəliliyini artırmaqla yanaşı, kitabxanalar, elmi informasiya mərkəzləri, nəşriyyatlar və indeksləmə bazaları arasında məlumat mübadiləsini asanlaşdırır. Bu standartlar həmçinin Azərbaycan nəşrlərinin beynəlxalq informasiya məkanında tanınmasını artıraraq, nəşriyyat və kitabxana sahəsində vahid normativ yanaşmanın formalaşmasına töhfə verir.
Geniş müzakirələrdən sonra, AZS ISO 3297:20 və AZS ISO 6357:2025 standartlarının qəbul olunması üçün AZSTAND-a təqdim edilməsi barədə yekdilliklə qərar qəbul edilib.
Həmçinin, iclasda, komitənin nəzdində Muzeylərin fəaliyyət göstəriciləri və idarəetmə prinsipləri üzrə işçi qrupunun (AZSTAND/TK 52 /İQ-3) yaradılması məsələsi müzakirə olunub. İşçi qrupunun fəaliyyət istiqamətləri və əsas istinad standartları haqqında da ətraflı məlumat verilib.
Tədbirdə, AZSTAND tərəfindən təsdiq olunan “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” çərçivəsində qarşıdakı üç il ərzində həyata keçiriləcək işlər və komitənin fəaliyyət istiqamətlərinin aktual problemlərinə dair monoqrafiyaların hazırlanması ilə bağlı qərarlar qəbul olunub.
İclasın sonunda, ADA Universiteti Kitabxanasının direktoru texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov və “Savad” nəşriyyatının baş redaktoru Vüsal Quliyev komitə üzvlüyünə qəbul ediliblər.
Qeyd edək ki, “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 52) AMEA-nın nəzdində təsis edilib. TK 52-nin yaradılmasında əsas məqsəd fəaliyyət istiqamətləri üzrə vahid texniki yanaşmanın formalaşdırılması, milli informasiya infrastrukturunun inkişafı, nəşriyyatlar, kitabxanalar, arxivlər, muzeylər, indeksləşdirmə, sənəd mühafizəsi, rəqəmsal informasiya sistemləri və sair əlaqəli sahələrdə xidmət və məhsulların keyfiyyətinin artırılması, eləcə də müvafiq sahələr üzrə fəaliyyətin beynəlxalq tələblərə uyğunlaşdırılmasına istiqamətlənmiş dövlət standartlarının hazırlanmasıdır.



