Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi ISO 14001 “Ətraf mühiti idarəetmə sistemləri Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartının mahiyyəti və üstünlüklərinə dair maarifləndirici tədbirdə iştirak edib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatcılığı ilə keçirilən tədbirə respublikada fəaliyyət göstərən 12 müəssisə və təşkilatdan nümayəndələr qatılıblar.
Tədbir zamanı AZSTAND-ın İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri Saday Əliyev ISO 14001 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartının tətbiqinin əhəmiyyəti və mahiyyəti barədə məlumat verib .
Məlumat üçün bildirək ki, sözügedən beynəlxalq standart təşkilatların ətraf mühitə təsirini minimuma endirmək, qanunvericiliyə uyğun fəaliyyəti təmin etmək, ekoloji riskləri azaltmaq və resurslardan daha səmərəli istifadə üçün effektiv çərçivə təqdim edir.
Qeyd edək ki, maarifləndirici tədbir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 1-5/1-1581/2024 nömrəli tapşırığına uyğun olaraq “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun Fəaliyyət Planına əsasən, sahibkarların, o cümlədən idarə, təşkilat və müəssisələrin ISO 14001 “Ətraf mühiti idarəetmə sistemləri Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartının mahiyyəti və üstünlükləri barədə məlumatlandırılması məqsədi ilə təşkil edilib.
