AZSTAND-ın nümayəndəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sponsonsurluq proqramı ilə (ISO Sponsorship program) ISO/IEC JTC 1 “Information Technology” (“İnformasiya texnologiyaları”) standartlaşdırma üzrə Texniki Komitəsinin İtaliyanın Pestum şəhərində keçirilən iclasında iştirak edib.
8-12 may tarixlərində Amerika Milli Standartlar Institutunun (ANSI) sədrliyi ilə keçirilən plenar iclasda Avstraliya, Amerika Birləşmiş Ştatları, Kanada, Yaponiya, Fransa, İngiltərə, Almaniya, Finlandiya, İsveç, İsveçrə, Belçika, Cənubi Koreya, Nigeriya, İtaliya, Sinqapur, Braziliya, Hindistan, Çin Xalq Respublikası, İrlandiya, Cənubi Afrika, Tanzaniya, və digər ölkələrinin Standartlaşdırma Qurumlarının nümayəndələri ilə yanaşı, bu ölkələrdən İKT sahəsində çalışan mütəxəssislər, eləcə də Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO), Beynəlxalq Elektrotexnika Komitəsinin (IEC), Avropa Komissiyasının (EC), Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) nümayəndələri iştirak edib.
Tədbir zamanı sözügedən komitənin hazırladığı beynəlxalq standartların layihələrinə dair üzv ölkələr tərəfindən verilən rəy və təkliflərin müzakirəsi, eləcə də layihələr üzrə səs vermə keçirilib. Bundan əlavə, komitə çərçivəsində İKT sahəsində yeni işçi qruplarının təşkil olunması üçün nümayəndələrin seçilməsi baş tutub.
Qeyd edək ki, “İnformasiya texnologiyaları” standartlaşdırma üzrə Beynəlxalq Texniki Komitəsi (ISO/IEC JTC 1) 1987-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexniki Komissiya (IEC) tərəfindən informasiya texnologiyalarının standartlaşdırılmasına dair beynəlxalq tələb və meyarların müəyyən edilməsi məqsədilə yaradılıb.
Ümumilikdə komitə tərəfindən 3409 beynəlxalq standart, 485 standart layihəsi hazırlanıb. Hazırda Komitənin tərkibində 23 alt-komitə, 12 məsləhətçi qrup və 5 işçi qrup fəaliyyət göstərir.