Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) Baş Assambleyası öz işini yekunlaşdırmışdır. Tədbirdə ölkəmizi standartlaşdırma üzrə milli orqanın rəhbəri, Azərbaycan Standartlaşdırma İnstitunun direktoru Namiq Tağıyev təmsil etmişdir.
Assambleyada aşağıdakı məsələlər müzakirə olunmuşdur:
1. Afrika inteqrasiyasına çoxtərəfli yanaşma;
2. Maliyyə hesabatlarının təsdiqlənməsi, İSO-ya üzvlük haqları və maliyyə auditorlarının təyin edilməsi;
3. İqlim dəyişikliyinin beynəlxalq nəqliyyat şəbəkələrinə təsiri;
4. Rəqəmsal sistemlərin inkişafı və onun biznesə, iqtisadiyyata və cəmiyyətə təsiri;
5. Çoxşaxəli iqtisadiyyatın inkişafında çağırışlar, imkanlar, standartların rolu və beynəlxalq standartlaşdırmanın inkişafı ilə bağlı digər vacib məsələlər.
Eyni zamanda tədbir zamanı İSO Şurasına (İSO Council) 2020-2022 illər üzrə seçkilər də keçirilmişdir. Seçkilərdə aşağıda göstərilən yeni üzvlər seçilmişdir:
- ikinci qrup üzrə KATS (Koreya Respublikası) və SCC (Kanada);
- üçüncü qrup üzrə ESMA (Birləşmiş Ərəb Əmirlikləri);
- dördüncü qrup üzrə INACAL (Peru).