Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.11- ci bəndinin icrası məqsədilə milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi üzrə tədbirlər həyata keçirilir.
Bununla əlaqədar olaraq Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 12 may 2022-ci il tarixində Litva Respublikasının anti-korrupsiya həlləri üzrə beynəlxalq ekspertinin iştirakı ilə ISO 37001:2016 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Təlimatlarla birgə tələblər” beynəlxalq standartının tətbiqi üzrə onlayn seminar təşkil etmişdir.
Seminarda ISO 37001:2016 beynəlxalq standartının əsas tələbləri, onun dövlət və özəl müəssisələrə tətbiqi prosedurları haqqında geniş məlumat verilib. Ekspert həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının vacibliyini qeyd etməklə təcrübələrini bölüşüb. Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Məlumat üçün bildiririk ki, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin müvafiq qərarı ilə sözügedən beynəlxalq standart əsasında AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” dövlət standartı 1 may 2021-ci il tarixində təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” beynəlxalq standartının rəsmi nəşrinin əldə edilməsi, tətbiqi və təlimlərin keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna müraciət edilə bilər.