İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən "Nəqliyyat və nəqliyyat infrastrukturu" standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK43) yaradılıb, əsasnaməsi və strukturu təsdiq edilib.
Texniki Komitə (AZSTAND/TK43) nəqliyyat və nəqliyyat infrastrukturuna dair minimum təhlükəsizlik və keyfiyyət tələblərinin formalaşdırılması, nəqliyyat sahəsi, xüsusilə gəmiqayırma, aviasiya, dəmiryol üzrə standartlaşdırmanın müasir tələblərə və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasının təmin edilməsi, həmçinin bu sahədə tələb olunan məhsul və xidmətlər üzə uyğunluğun qiymətləndirilməsi prosedurunun həyata keçirilməsində normativ sənədlər bazasının yaradılması məqsədi ilə təsis edilib.
Texniki Komitəyə sədrlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.
AZSTAND/TK 43-ün strukturuna Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onun strukturuna daxil olan tabeli qurumları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, həmçinin Dövlət Ekoloji Ekspertiza Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkəti (AHY SAŞ), Bakı Limanı, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutları daxil edilib.